cümə axşamı 4 iyun 2026 - 20:15
İmam Əliyə (ə) olan məhəbbət insanı azğınlıqdan necə xilas edir?

Hövzə | Həzrət Əliyə (ə) məhəbbət elə bir möhkəm bağlılıq və qurtuluş ipidir ki, günahkar bəndəni hətta qəflət və büdrəmənin ən dərin nöqtəsində belə «tağut vilayəti»ndə qərq olmaqdan xilas edir. Onun daxilində mənəvi bir dönüş və inqilab yaradır, tövbəyə, paklanmağa və mənəvi saflığa doğru yönəldir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, möminlərin əmiri İmam Əliyə (ə) olan məhəbbət bu o demək deyil ki, sən günah edə bilərsən və bu məhəbbət sənin dadına çatacaq. Bu məsələ zaman-zaman müzakirə mövzusu olubdur. Bəzi insanlar rəvayətləri yanlış yozaraq belə təsəvvür edirlər ki, Əhli-Beytə (ə) məhəbbət əməli əvəz edir və ya insanı şəri məsuliyyətdən azad edir. Aşağıda Ayətullah Hairi Şirazinin bu məsələ ilə bağlı izahları təqdim olunur.

Əhli-Beytə (ə) məhəbbətin varsa sən günah edə bilərsən və.s düşünmək böyük bir yanlışlıq və əsassız bir ittihamdır. Məsum İmamlardan (ə) heç biri belə bir icazə verməmişdir. Çünki insanın paklıq və saflıq yolunda hərəkət etdiyi halda eyni zamanda günah və çirkinlik istiqamətinə yönəlməsi, tağut vilayətinin təsiri altına düşmədən mümkün deyil.

Həqiqətdə insan daim iki yol arasında seçim qarşısındadır: «Allahın vilayəti» və «tağutun vilayəti». Tağut vilayətinin mütləq şəkildə qəribə və ya aşkar bir formada təzahür etdiyini düşünmək düzgün deyil. İnsan nə zaman nəfsani istəklərinə tabe olur və məsələn, qeybət kimi bir günaha yol verirsə, həmin anda tağut vilayətinin təsiri dairəsinə daxil olur. Əslində, günah anında insan üzərində hakimiyyət qazanan nəfsani meyillər onun üzərində vilayət tapmış olur.

Bununla belə, mümkündür ki, bir insan Allahın vilayəti yolunda addımlasın, İmam Əliyə (ə) məhəbbətin möhkəm və qırılmaz bağı onun qəlbində kök salsın, lakin müəyyən bir anda büdrəyərək günaha yol versin. Mühüm məqam budur ki, bu büdrəmə onu əsas karvandan ayırmır və mənəvi süquta uğratmır. Çünki həqiqi mömin günaha yol verdikdən dərhal sonra daxilən narahatlıq keçirir, peşman olur və yenidən Rəbbinə tərəf qayıdır.

Belə insanlar haqqında buyurulmuşdur:

«حُبُّ عَلِیٍّ حَسَنَةٌ لَا تَضُرُّ مَعَهَا سَیِّئَةٌ»

«Əliyə (ə) məhəbbət elə bir gözəl xüsusiyyətdir ki, onunla birlikdə olan günah insanı həlaka sürükləmir.»

Bu hədisin mənası günahın zərərsiz və ya əhəmiyyətsiz olması deyil. Məqsəd budur ki, İmam Əliyə (ə) həqiqi məhəbbət insanın qəlbində elə bir nur və ayıqlıq yaradır ki, onu günahda israr etməkdən saxlayır, peşmanlığa, tövbəyə, özünü düzəltməyə və mənəvi paklanmaya sövq edir.

Buna görə də İmam Əliyə (ə) məhəbbətin varsa bu o demək deyil ki, sən günah edə bilərsən, əksinə bu məhəbbət insanı günahdan uzaqlaşdıran, onu Allah yoluna qaytaran, mənəvi süqutdan qoruyan və hidayətə doğru istiqamətləndirən ilahi bir nicat vəsiləsidir.

Şeytanın vəsvəsəsi onlara toxunduğu zaman Allahı xatırlayar, dərhal başa düşər və həqiqəti görərlər.

Bu, «xatırlatma» və ya «oyanış» mənasını ifadə edir. Yəni Əhli-Beytə (ə) məhəbbət elə bir mənəvi qüvvədir ki, insanın daimi süquta uğramasına mane olur, mömin bəndənin qayıdış, tövbə və mənəvi islah yolunu daim açıq saxlayır.

Allahın vilayəti altında olan insanın bəzən büdrəyərək günaha yol verməsi mümkündür. Lakin bu günah onu mənəvi cəhətdən məhv etmir. Bunun səbəbi odur ki, ilahi vilayət onun qəlbində və batinində hələ də hakimdir. Elə buna görə də belə bir insan günaha yol verdiyi anda daxilən sarsılır, vicdan əzabı çəkir, peşman olur və yenidən Allah dərgahına üz tutur.

Həmçinin bəzi rəvayətlərdə buyurulan «حُبُّ عَلِیٍّ حَسَنَةٌ لَا تَضُرُّ مَعَهَا سَیِّئَةٌ» («Əliyə (ə) məhəbbət elə bir gözəl xüsusiyyətdir ki, onunla birlikdə olan günah insanı həlaka sürükləmir.») ifadəsi heç də İmam Əliyə (ə) olan məhəbbətin namazı, orucu və digər dini vəzifələri əvəz etdiyi və ya günahı insan üçün halal etdiyi mənasını daşımır. Belə bir yozum rəvayətin yanlış başa düşülməsindən qaynaqlanır və İslamın heç bir prinsipinə uyğun gəlmir.

İmam Əlini (ə) həqiqi sevən şəxs günah üzərində israr etməz. Çünki məhəbbət insanı öz nöqsan və səhvlərinə qarşı həssas edir, günahın onun qəlbində kök atmasına və adiləşməsinə imkan vermir. Belə bir insan büdrədiyi anda özünü islah etməyə çalışır, çatışmazlıqlarını aradan qaldırmaq üçün addım atır və qəlbinin dərinliyindən belə səslənir: «Ya Əli, məni pak et!»

Əslində Əhli-Beytə (ə) məhəbbət insanın üzərindən məsuliyyəti götürmür. Əksinə, onun daxilində mənəvi dönüş yaradır və onu kamillik yoluna istiqamətləndirir. Bu məhəbbət insanın qəlbində paklıq, tövbə, qayıdış və özünü düzəltmə ruhunu daim canlı saxlayır. Necə ki, öz mövlasına könüldən bağlanan bir bəndə onun inayəti və hidayəti sayəsində çirkinliklərdən uzaqlaşır, mənəvi saflığa qovuşur.

Məhz bu baxımdan demək olar ki, İmam Əliyə (ə) məhəbbət insanı günaha bəraət qazandırmağa deyil, paklığa, mənəvi kamala, tövbəyə və Allah dərgahına yaxınlaşmağa aparan bir hidayət məktəbidir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha